Gəncə Dövlət Aqrar Kollecinin Direktoru
Fəqan Fizuli oğlu Ağayev 1998-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) "Aqronomluq" ixtisası üzrə bakalavr, 2000-ci ildə isə həmin ixtisas üzrə magistr təhsilini uğurla başa vurmuşdur.
2000–2013-cü illərdə Norveç, ABŞ, Almaniya və Türkiyə təşkilatları tərəfindən həyata keçirilən müxtəlif beynəlxalq layihələrdə kənd təsərrüfatı sahəsi üzrə layihə rəhbəri, proqram rəhbəri və yerli aqrar mütəxəssis kimi fəaliyyət göstərmişdir.
2013–2014-cü illərdə Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunda elmi işçi kimi çalışmış, 2015-ci ildən etibarən Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasında müəllim kimi fəaliyyətini davam etdirmişdir.
Bakalavr pilləsində "Örtülü sahə tərəvəzçiliyi", "Aqrar məsləhət xidməti", "Tərəvəzçilik" və "Bitkiçilik məhsulları istehsalı" fənlərini Azərbaycan və ingilis dillərində tədris etmişdir.
2014-cü ildə "Gəncə-Qazax bölgəsi şəraitində kartofun başlıca xəstəliklərinə qarşı inteqrir mübarizə üsullarının işlənib hazırlanması" mövzusunda dissertasiya müdafiə etmiş və aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Elmi-pedaqoji fəaliyyəti dövründə 30 elmi məqalə, 14 fənn proqramı, 2 metodik göstəriş və 3 dərs vəsaitinin müəllifidir. Bununla yanaşı, müxtəlif beynəlxalq təlim, konfrans və seminarlarda Azərbaycanı uğurla təmsil etmişdir.